Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müasir pensiya sistemi- “yaşlı” gələcəyini “cavanlıq”da təmin et…
Müasir pensiya sistemi- “yaşlı” gələcəyini “cavanlıq”da təmin et…
13 Noyabr 2014 / 14:00 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Dünyanın bütün ölkələrində fərqli pensiya sistemləri həyata keçirilir ki, bunlar əsasən dövlət təminatı, məcburi sosial təminat, özəl pensiya sığortası və s. formaları özündə birləşdirir. Fərqli quruluş və formada həyata keçirilən bu sistemlərin ümumi mahiyyəti əksər hallarda oxşardır. Belə ki, dövlət maliyyə hesabına formalaşan pensiya məbləğləri və pensiyaçının fərdi fəaliyyəti nəticəsində yaranan pensiya payı. Əksər hallarda fərqli formalarda olsa da, bu cür birləşmiş modeldən istifadə edilir.

Misal üçün, İsveçdə maliyyələşdirilən və zəmanətli formalı pensiya sistemi üç hissədən ibarətdir. Birinci hissəsi pul öhdəliklərindən asılıdır ki, bu, əsasən vətəndaşın əmək fəaliyyətindən asılıdr. Yəni onun əmək haqqının müəyyən faizindən (16 faiz) toplanan vəsait hesabına formalaşır. İkinci hissə – əmək haqqının 2,5%-i isə fərdi hesabda olmaqla müxtəlif özəl pensiya fondları vasitəsilə investisiyaya yönəldilir ki, gələcəkdə artımlı formada pensiya məbləğinə əlavə edilir. Təminatlı hissə sayılan 3-cü hissə isə fərdi hesabı olmayana və əmək haqqı üzrə toplanan məbləğ az olduqda yaşa görə təyin edilən ümumi pensiya məbləğidir. Eyni zamanda 1-ci və 2-ci hissə üzrə pensiyalar 61 yaşından təmin olunduğu halda, 3-cü hissə 65 yaşından tətbiq edilir. Göründüyü kimi, bu sistemdə əsas prinsip fərdi uçot sisteminə əsaslanır və əsas məsuliyyət vətəndaşın öz üzərinə düşür.

Lakin daha çox humanizm və “nəsillərarası həmrəylik” prinsipinə əsaslanan “Paylanma” sistemi hər kəsin pensiya ilə təminatı siyasətinə söykənir. Belə ki, mövcud işçilər hesabına toplanan vergi vəsaitləri cari pensiyaları ödəmək üçün istifadə olunur. Beynəlxalq praktikada “pay-as-you-go» ifadəsi ilə tanınan bu sistemin məna tərcüməsi “ayaqda olana qədər ödəmək” kimi başa düşülür.

1889-cu ildə ilk dəfə dünyada dövlət pensiya təminatı forması kimi Almaniyada formalaşan bu sistem adıçəkilən ölkədə təkmilləşdirilmiş şəkildə hələ də qüvvəsini saxlayır. Almaniya isə dünyada pensiyaçılar üçün qayğı baxımından ən mühafizəkar dövlətlərin biri sayılır.
Düzdür, bazar iqtisadiyatı və kapitalizm prinsiplərinə əsasən, dünyanın bir çox ölkələrində sığortaolunanların fərdi uçotu sisteminə keçid real yığıma əsaslanmaqla həyata keçirilir. İnkişaf etmiş Qərb dövlətlərinin təcrübəsində əhalinin sosial müdafiəsi institutlarının yaradılmasına zəruri məsələ kimi diqqət yetirilsə də, bazar iqtisadiyyatı prinsipləri önə çəkilir. Bu mənada, bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsinin diqqətdə saxlanılması dövlətin humanist siyasətinə əsaslanır. Ona görə də bazar iqtisadiyyatı da müəyyən mənada sosialyönümlü olmalıdır ki, həm iqtisadi azadlığın, həm də dövlətin sosial müdafiə və sosial ədalət ideyaları vəhdət təşkil etsin.
Bu tip məqamları nəzərə alınmaqla, həmçinin pensiya sistemində ümumilikdə dövlətin sosial təminatçı rolunu saxlamaq üçün bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda daha təkmil hesab edilən, müvafiq ardıcıllığı baza, sığorta və yığım hissələrindən ibarət olan 3 pilləli sistem tətbiq olunub. Bu sistemin üstünlüyü ondadır ki, əmək pensiyalarının baza hissəsi birinci pillədə olmaqla dövlət təminatına əsaslanır. Yəni baza hissəsinə aid məbləğ dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunur. Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla üç pilləli pensiya sistemi qəbul olunub və əhalinin sosial müdafiəsi dövlət siyasətində daim ön planda tutulur. Çünki sosialyönümlü siyasət Azərbaycanda cəmiyyətin sosial-iqtisadi yüksəlişinə hesablanmış dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və vətəndaşların etibarlı sosial müdafiəsinə, rifah halının yüksəlməsinə əsaslanır.

dsmf11Etiraf edək ki, 2006-cı ildən etibarən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminin qurulmasına başlandığından bu günə qədər böyük həcmdə işlər görülüb və bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Bu sistem imkan verir ki, ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi mümkün olsun. Belə ki, hazırda ölkə əhalisinin 43 faizindən çoxu – 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 912 min nəfərə yaxın sığortaolunan sığorta-pensiya sistemində iştirak edir.

Sistemin qısa zamanda müasir dünya standartlarına uyğun şəkildə qurulmasında əsas məqamlardan biri Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatlar və elektron xidmətlərin genişləndirilməsidir. Belə ki, müəyyən islahatlar nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədi ilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə göstərilməsi kimi halların qarşısı xeyli alınıb. Məhz bunun nəticəsidir ki, 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz, sosial sığorta gəlirləri isə 12 faizdən çox artıb.
Hazırda DSMF-nın əsas fəaliyyətlərindən biri məhz işçi münasibətlərinin rəsmiləşdirilməsində şəffaflığın qorunmasına yönəlib. Belə ki, ödənilən məcburi dövlət sosial sığorta haqlarının uçotunun aparılması, həmin uçotun göstəriciləri əsasında əmək pensiyalarının təyin olunması, dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı bunu tələb edir.

Bunlarla yanaşı, ötən müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılmasının tam başa çatdırılması, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının 20-yə çatdırılması sistemin yüksək səviyyədə idarəolunmasına imkan verir.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları izləməklə, həm öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət edə bilər.

Xüsusi qeyd etmək lazımdır ki, məhz məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması istiqamətində əldə edilən uğurlar nəticəsində ölkəmiz “Doing Business 2015” hesabatına əsasən, dünya reytinqi üzrə 32 pillə irəliləyib.
Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri də 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulub. Eyni zamanda pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi işi davam etdirilir, bankomat və Pos-terminallarla təchizat gücləndirilir, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə imkanları təmin edilir.

dsmf12Lakin bütün bunlara baxmayaraq, sığorta-pensiya sisteminin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, sistemin maliyyə dayanıqlığının təmin edilməsi, əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması nəzərdə tutlur. Bu məqsədlə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya institutlarının- pensiya fondlarının təşkili nəzərdə tutulur. Eyni zamanda sahəvi peşə pensiya fondlarının yaradılması və inkişafı, DSMF tərəfindən könüllü əlavə sığortalanmaya keçid vasitəsilə vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılması gələcək planlara daxildir. Bunun üçün sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi nəzərdə tutulur ki, burada əhalinin sosial sığorta sistemində daha fəal iştiraka cəlb olunması və gələcəkdə sığorta-pensiya sisteminin öz-özünü tənzimləyən bir sistemə çevrilməsi əsas məqsəddir.

Qeyd edilən siyasətin həyata keçirilməsi məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması da zəruridir ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl təsdiq edilən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” da buna xidmət edir.

Belə ki, bu Konsepsiyası inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi daşıyır. Bu istiqamətdə aparılacaq islahatların əsas vəzifələri pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılmasıdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin də sözləri ilə desək, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcək, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.

Həmçinin yaxın gələcəkdə sığortaedənlərin DSMF-yə təqdim etdikləri hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur. Bu yenilik də öz növbəsində vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.

Ədil Hüseynli



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə